Darvinin Dilemması: Ruh

Zaman Hissi və Tale Həqiqəti


Həyatımızın Keçən Müddəti, Yalnız Bir Hissdir


Dünyada keçirdiyimiz vaxt üçün bir meyarımız var. Dünən etdiklərimizi düşünər, bu gün üçün plan qurarıq. On il əvvəlini düşünər, zamanın ötdüyünə və yaşlandığımıza inanarıq. Zamanın ötdüyünə dair inancımızı meydana gətirən şey, yalnız keçən anla hazırkı an arasında apardığımız müqayisədir.


Bu müqayisə belə gerçəkləşər: İndi bu kitabı oxuyursunuz. Kitabı oxumadan əvvəlsə televizora baxırdınız. Televizora baxdığınız anla kitab oxuduğunuz anı müqayisə edər, bunların arasında bir müddət olduğunu düşünər və televizora baxdığınız vaxtı "keçmiş" kimi qavrayarsınız. Bu iki hərəkət arasında isə, müəyyən zaman müddəti keçdiyinə inanarsınız. Əslində isə, televizora baxdığınız an sizin yaddaşınızda olan bir məlumatdır. Siz, kitab oxuduğunuz "bu an"ı, yaddaşınızdakı məlumatla müqayisə edər və bunu "zaman" hesab edərsiniz. Əslində isə, yalnız yaşadığınız "bu an" vardır. Yaddaşınızdakı xatirələrlə müqayisə etmədiyiniz vaxt, zaman anlayışı da qalmaz.

Tanınmış fizik Julian Barbour, zamanın tərifini belə verir:

Zaman əşyaların öz mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Bir çarx yellənər, saatın əqrəbləri hərəkət edər.(129)

Dolayısilə zaman, beyində xatirə olaraq mövcud olan bəzi məlumatlar, digər bir sözlə, hisslər arasında müqayisə aparılması sayəsində mövcud olur. Anteroqrad (kəskinləşən) amneziya olaraq bilinən yaddaş itkisi sindromu olan xəstələri xatırladıqda, zamanın insan hissindən başqa bir şey olmadığı daha yaxşı aydın olar. Bu insanlar, qısa müddətli yaddaşa aid sahib olduqları bütün məlumatları itirdiklərindən ötrü əvvəlki hadisəni xatırlaya bilməz, dolayısilə iki hadisə arasında müəyyən müddət keçib-keçmədiyini hiss edə bilməzlər. Bu, zamanın yalnız bir hiss olaraq mövcud olduğunu göstərən dəlillərdəndir.

Gündəlik həyatda yaşadığımız hadisələr bizə müəyyən ardıcıllıqda göstərildiyi üçün, biz zamanı keçmiş, indi və gələcək kimi məhdudlaşdırarıq. Halbuki zamanın keçmişdən gələcəyə doğru getdiyi düşüncəsi yalnız bir şərtlənmədir. Əgər yaddaşımızdakı məlumatlar bir kinofilmin sondan başa doğru seyr edilməsi kimi işləsəydi, bizim üçün keçmiş, gələcək zaman, gələcək də, keçmiş zaman olardı. Bu vəziyyət bizə zamanın mütləq olmadığını, yalnız bizim onu qəbul etmə formamızdan asılı olaraq dəyişdiyini göstərir.

Tanınmış fizik Roger Penrose, mövzuyla əlaqədar bu açıqlamanı verir:

Məncə keçəcək zamanı qəbul etmə formamızda və fizikanın tərif verdiyi zaman anlayışı arasında daimi bir ziddiyyət var və bu qismən; görəsən hadisələrin zamana aid konkret bir dünyəvi ardıcıllığı mı var, yoxsa bizmi bir çox şeyi bir yerə gətirərək beynimizdə bir şəkil canlandırırıq sualıdır...(130)

Xatırladığımız hadisələr arasında öz zehnimizdə apardığımız sıralama əməliyyatı, bu hadisələr üçün, keçmiş, indi və gələcək kimi mövqelər meydana gətirir. Lakin bu, tamamilə beynimizdə, bizim iradəmizlə verilmiş bir qərardır. Dolayısilə tamamilə nisbidir. Nobel mükafatı almış genetika professoru və mütəfəkkir François Jacob, mövzuyla əlaqədar bu bənzətməni edir:

Tərsindən göstərilən kinofilmlər, zamanın tərsinə doğru axacağı bir dünyanın nəyə bənzəyəcəyini başa düşməyimizə imkan verir. Südün fincandakı qəhvədən ayrılacağı və süd qabına çatmaq üçün havaya atılacağı bir dünya; işıq şüalarının bir mənbədən fışqıracaq yerdə bir tələnin (cazibə mərkəzinin) içində toplanmaq üçün divarlardan çıxacağı bir dünya; saysız damlaların heyrətamiz əməkdaşlıqla sudan kənara doğru qayıdan bir daşın bir insanın ovucuna düşmək üçün bir əyri boyu atılacağı bir dünya. Lakin zamanın tərsinə çevrildiyi belə bir dünyada, beynimizin müddətləri və yaddaşımızın meydana gəlməsi də eynilə tərsinə çevrilmiş olacaq.(131)

Bütün bunlar, keçmiş və gələcək anlayışlarının, bizim xatirələrimizi qəbul etmə formamızla əlaqədar olduğunu göstərir. Əslində isə, zamanın necə keçdiyini və ya keçib-keçmədiyini bilməyimizə imkan yoxdur. Eynilə qarşımızdakı təsvirin əsli ilə heç vaxt təmasda ola bilmədiyimiz, dolayısilə varlığı haqqında təfsilatlı məlumata sahib ola bilmədiyimiz kimi, əslində asılı olduğumuz bir zamanın olub-olmadığını və varsa da bunun necə işlədiyini qətiyyən bilmərik. Çünki zaman, yalnız bir hiss formasıdır.

Zamanın bir hiss olduğu, 20-ci əsrin ən böyük fiziki sayılan Eynşteynin ortaya atdığı Ümumi Nisbilik Nəzəriyyəsi ilə də təsdiqlənmişdir. Lincoln Barnett, "Kainat və Eynşteyn" adlı kitabında bu mövzu barədə bunları yazır:

Mütləq kosmosla birlikdə Eynşteyn, sonsuz keçmişdən sonsuz gələcəyə axan, çaşmaz və dəyişməz bir universal zaman anlayışını da kənara qoydu. Nisbilik nəzəriyyəsinə dair anlaşmazlığın böyük hissəsi, insanların zaman duyğusunun da rəng duyğusu kimi bir duyğu forması olduğunu qəbul etmək istəməməsindən yaranır... Necə ki, kosmos maddi varlıqların mümkün ardıcıllığı isə, zaman da hadisələrin mümkün ardıcıllığıdır. Zamanın subyektivliyini ən yaxşı Eynşteynin sözləri açıqlayır: "İnsan həyatı bizə hadisələr ardıcıllığı şəklində nizamlanmış kimi görünür. Bu ardıcıllıqda xatırladığımız hadisələr “daha əvvəl” və “daha sonra” meyarı əsasında sıralanmış kimidir. Bundan ötrü də, insan üçün bir mən-zamanı və ya subyektiv zaman var. Bu zaman öz içində ölçülə bilməz.(132)

Eynşteyn, Barnettin ifadələriylə "kosmos və zamanın da hiss formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi, bunların da şüurdan ayrıla bilməyəcəyini göstərmiş"dir. Ümumi nisbilik nəzəriyyəsinə görə "zamanın da, onu ölçdüyümüz hadisələr silsiləsindən ayrı, müstəqil mövcudluğu yoxdur".(133)

Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə qəbul edəndən asılıdır, yəni nisbi bir anlayışdır. Zamanın axma sürəti, onu ölçərkən işlətdiyimiz qaynaqlara görə dəyişər. Çünki insan bədənində zamanın axma sürətini tam düzgün şəkildə göstərəcək təbii bir saat yoxdur. Lincoln Barnettin ifadə etdiyi kimi, "rəngi seçəcək bir göz yoxdursa, rəng deyə bir şey olmayacağı kimi, zamanı göstərəcək bir hadisə olmadıqca da bir an, bir saat və ya bir gün deyə bir şey də yoxdur".(134)

Saatı heç bilmədiyimiz, Günəşin hansı fasilələrlə doğulub-batdığını görə bilməyəcəyimiz qapalı bir otaqda qaldığımız vaxt, burada keçən zamanın sürətini və qaldığımız müddəti heç vaxt müəyyənləşdirə bilmərik. Bizə xarici aləmdə müəyyən zaman keçdiyini düşündürən şey, Günəşin doğulub-batma müddəti və qolumuzdakı saatın bizə göstərdiyi müddətdən başqa bir şey deyil. Bunlar olmadıqda, keçdiyinə inandığımız zaman haqqında söyləyəcəklərimiz tamamilə təxmini və bizdən asılı olacaq. Məsələn, imtahana girən bir insan məhdud vaxt çərçivəsində sualları cavablandırıb qurtarmağa çalışarkən, onun üçün zaman sürətlə keçəcək. Lakin çöldə onun imtahandan çıxmasını gözləyən insan üçün eyni müddət, olduqca uzun olacaq. Əgər zaman mütləq həqiqət olsaydı, şübhəsiz ki, o, artıq bizim hisslərimizə görə müəyyənləşdirdiyimiz dəyişkən bir anlayış kimi olmazdı.

Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin elmi olaraq göstərdiyi həqiqətə görə; zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxlaşır, daha ağır, daha yavaş keçərək sanki dayanma nöqtəsinə yaxınlaşır. Bunu Eynşteynin bir nümunəsiylə izah edək. Bu nümunəyə görə əkiz qardaşlardan biri dünyada olarkən, digəri işıq sürətinə yaxın sürətdə kosmik səyahətə çıxar. Kosmosa çıxan insan, geri qayıtdıqda əkiz qardaşını özündən olduqca yaşlı görəcək. Bunun səbəbi kosmik səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. Eyni nümunə, işıq sürətinin 99%-nə yaxın sürətlə hərəkət edən raketlə, kosmosda səhayət edən bir ata və dünyada qalan oğulu üçün də düşünülə bilər. Eynşteynə görə, "əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ilindən sonra ata dünyaya qayıtdıqda oğul 33 yaşında, ata isə 30 yaşında olacaq".(135)

Zamanın nisbi olması, saatın yavaşlaması və ya sürətlənməsindən deyil, bütün maddi sistemin atomaltı səviyyədəki zərrəciklərə qədər fərqli sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı kosmos kimi bir mühitdə insan bədənindəki ürək döyüntüləri, hüceyrə bölünməsi, beyin fəaliyyətləri kimi əməliyyatlar daha zəif sürətlə gedir. Beləliklə, insan zamanın yavaşlamasını qətiyyən hiss etmədən gündəlik həyatına davam edər.

Zərrəciklər fiziki dr. Jim al-Khalilinin bir radio verilişində verdiyi açıqlamalar belədir:

Eynşteynin nisbilik nəzəriyyələrinin hər ikisi də gələcəyə səfər etməyə imkan verir. Əslində bunu təcrübi olaraq da, sübut etmişik. Bunun bir yolu çox sürətlə səyahət etməkdir, bir raketə minər, işıq sürətinə yaxın sürətlə gedər və sonra geri qayıdarsınız. Çox sürətli getdiyiniz üçün saatınız daha yavaş işləyəcək. Raketdəki saatınıza görə bir il hərəkət etsəniz, bu dünya saatına görə, bəlkə də, 10 il olar. Beləliklə də, əslində 9 il qabağa getmiş olarsınız. Gələcəyə səfər etməyin digər bir yolu da, çox böyük bir ulduzun orbitində hərəkət etməkdir. Əgər bir il ərzində bunu etsəniz, yenə, dünyaya geri qayıda bilər və dünyada 10 il keçdiyini görə bilərsiniz. Beləliklə də, hər iki yolla da gələcəyə səfər etmək mümkündür.(136)

Al-Khalili, zaman anlayışını isə, belə izah edir:

Bu, keçmiş, indi və gələcəyin, hamısının eyni anda mövcud olduğu mənasına da gəlir. Keçmişi gələcəkdən ayıran indi adlı şey yoxdur. Bütün zamanlar eyni anda mövcuddur, yalnız tək bir zaman vardır. Dolayısilə gələcək də yaşanmışdır. Bunu anlamağın yeganə yolu üç ölçülü kosmosun tək ölçülü zamanla birləşdirilməsi və dörd ölçülü kosmos-zaman kimi bilinən anlayışın ortaya çıxmasıdır.(137)

Zamanın keçməsi, təkcə bizim üçün yaradılmış bir hissdir. Bunu belə qəbul etdiyimiz üçün etdiklərimizin bir zaman müddəti ərzində gerçəkləşdiyini düşünərik. Halbuki daim bu "an"da yaşayarıq. Keçən zaman anlayışı xəyalidir.

Bəhs edilən radio verilişində aparıcının verdiyi şərh müqabilində, hiss mövzusunda apardığı çalışmalar sayəsində bir çox mükafat almış Oksford Universitetindən riyazi fizik Roger Penrosenin cavabı belə olmuşdur:

Aparıcı: Zamanın keçdiyinə dair subyektiv hiss duyuruq. Lakin fiziklər bunun yalnız bir illüziya olduğunu irəli sürürlər.

Roger Penrose: Bəli, məncə fiziklər zamanın keçməsi hissinin yalnız bir illüziya, yəni həqiqət olmayan bir şey olduğu mövzusunda həmfikirdirlər. Bu, bizim hisslərimizlə əlaqədar bir şeydir.(138)

Belə əhəmiyyətli bir həqiqətin, necə bizim zehnimizdə bir hiss kimi yaşandığı və necə bütün zamanların tək bir zaman anlayışı içində mövcud olduğu, şübhəsiz ki, bizim qavrama hüdudlarımızdan kənardadır. Çünki biz, Allahın bizə bildirdiyi qədərini anlaya bilər, Onun tanıtdığı qədərini bilə bilərik. Bundan savayı hər şey, bizim hisslərimizdən və qavrama hüdudlarımızdan kənardadır. Şübhəsiz ki, zamanı bir hiss olaraq yaratmaq, əslində olmayan bir anlayış içində keçmiş, indi və gələcəyi meydana gətirmək, Allah üçün çox asandır. Çünki Allah, zamandan kənardardır. Allah, zamanı yaradır, lakin Özü zamandan asılı deyil. Bizim keçmiş və ya gələcək hesab etdiyimiz bütün hadisələr, Allahın uca hafizəsində onsuz da mövcuddur. Bunların hamısı tək bir anda yaradılır. Dolayısilə, gələcəkdəki bütün hadisələr əslində eyni anda yaradılmış olub, bu anda da mövcuddur. Lakin biz, zamandan asılı olduğumuz üçün, hələlik onları görə bilmərik.

Keçmiş hesab etdiyimiz bütün hadisələr, bir insanın məktəbdə attestat alması, ilk dəfə avtomobil idarə etməsi Allahın sonsuz hafizəsində olduğu kimi, gələcəkdə yolda hərəkət edərkən ayağımızın ilişəcəyi kiçik bir daş parçası belə Allahın hafizəsində bəllidir. Çünki Allah, bütün bu hadisələri tək bir anda yaratmışdır.

Canon David Brown, mövzuyla əlaqədar bu açıqlamanı verir:

Allah, həqiqətən də, zamandan kənardadır. O zaman Allah üçün "əvvəl" deyə bir anlayış yoxdur. O bizim dünya həyatımızın hər anında eyni anda mövcuddur.(139)

Allah, bir varlığın hər vəziyyətini görər, bilər. O, onların hamısını yaradandır. Bir insanın keçdiyi hər kvadrat metrlik sahə, qarşılaşdığı təsvirlər, asılı olduğu zaman, Allahın daima məlumatı daxilində və nəzarəti altındadır. Allah, bir ayəsində belə buyurur:

Sən hansı bir vəziyyətdə olsan, onun barəsində Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)

Zaman Kimi Məkan da Bir Hissdir

Eynşteyn, nəzəriyyəsini ortaya atarkən, işıq sürətinin universal bir sabit kəmiyyət olduğunu həqiqət kimi qəbul etdi. Nə qədər sürətli gedirsinizsə gedin, işıq sürəti həmişə sabit idi və 99% işıq sürətinə yaxın sürətlə getsəniz belə işıq sizdən saniyədə 186,282 mil (299,791 km) sürətlə gedəcəkdi. Bu sürətə çatmaq qeyri-mümkündü. Eynşteynin hesablamalarına görə, müşahidəçinin sürəti artdıqda zaman yavaşlayır, məkan (hərəkətin istiqamətinə görə) büzülürdü. İşıq sürətinə görə dəyişən bu anlayışlar, insandan-insana dəyişərək mütləq olmadıqlarını sübut etmişdilər.

Peter Russell, bu vəziyyəti belə açıqlayır:

...Siz nə qədər sürətli hərəkət etsəniz də, həmişə işığın sürətini ölçdüyünüz vaxt, onun saniyədə 186,282 mil olduğunu görəcəksiniz, eynilə Michealson və Morleyin tapdığı kimi. Hətta saniyədə 186,281 mil sürətlə getsəniz də, işıq yalnız saniyədə 1 mil sürətlə sizi keçmiş olmayacaq, hələ də 186,282 mil sürətlə gedəcək. İşığın sürətinə azacıq da çata bilməyəcəksiniz.

Bu tamamilə sağlam düşüncəyə ziddir. Lakin bu nümunədə, burada yanlış olan sağlamdüşüncədir. Bizim zehni gerçəklik modellərimiz, sürətləri, işıq sürətindən olduqca aşağı olan gündəlik təcrübələrimizdən meydana gəlir. İşıq sürətinə yaxın sürətdə, həqiqət olduqca fərqlidir.(140)

Eynşteyn, kosmos və zaman kimi qəbul etdiyimiz şeylərin zaman-məkan tamının bir hissəsini olduğunu göstərmişdir. Dolayısilə, zaman və məkan, doğrudan hissdən asılı şəkildə yaradılır. Beləliklə də, nisbi yaşanan bir dünyanın parçasına çevrilirlər. Dünyanın zehindəki təsvirini meydana gətirə bilmək üçün zaman və məkan hissi olmalıdır. Lakin bunların əsil həqiqəti ifadə etdiyini iddia etdiyimiz təqdirdə yanılarıq. Çünki xarici aləmdəki həqiqi məkan anlayışıyla heç vaxt təmasda olmarıq.

Fred Alan Wolf, bunu belə açıqlayır:

Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, maddə, zaman və məkandan müstəqil ola bilməz. Əgər bunlardan hər hansı biri (maddə, məkan və ya zaman) çatışmasa, hamısı çatışmaz. Maddənin olması üçün məkanın varlığı şərtdir, zamanın olması üçün maddənin varlığı şərtdir və məkanın olması üçün də zamanın varlığı şərtdir. Bütün bunlar bir-birlərindən asılıdır.

Belə olduğu halda, əgər zaman, bir çox filosofun iddia etdiyi kimi, yalnız bir xəyal, bir illüziyadırsa, o zaman maddə və məkan da eynilə xəyaldır. Kvant fizikasının Kopenhagen təfsirinə görə, maddəni seyr edən olmadığı müddətcə maddə ola bilməz.(141) (Vurğu qaynaqdakı kimidir)

Maddənin yalnız duyğu orqanlarımız vasitəsilə qəbul edilə bilən olması, yəni kölgə varlıq olması, yenə maddi varlığı olan məkan anlayışını da ortadan qaldırır. Məkanın xarici aləmdə olduğunu hesab edərik, halbuki keçmişdə olduğumuz bir yeri xəyal etdiyimiz vaxt, məkan tamamilə beynimizdə olar. Əslində xarici aləmdə olduğunu fərz etdiyimiz bir yerə baxarkən də, bunu düşünərkən də, məkan anlayışı yalnız beyində meydana gələr. Qarşımızda dayandığını fərz etdiyimiz otaq, beynimizdə yaranan bir illüziya, bir xəyaldır.

Peter Russell, bu hiss formasını belə yekunlaşdırır:

Eynşteynin çalışmaları, eyni zamanda, zaman və məkanın mütləq olmadığını göstərdi. Bunlar, müşahidəçinin hərəkətinə görə dəyişirlər. Əgər siz, mənə görə daha sürətlə yerisəniz və ikimiz də iki hadisə arasındakı məsafəni və zaman fərqini ölçsək, (məsələn, prospektin bir ucundan digər ucuna doğru hərəkət edən bir avtomobili) siz nəqliyyat vasitəsini, mənim gördüyümdən daha az məsafədə və daha az zamanda hərəkət edirmiş kimi görərsiniz. Eləcə də, tam əksinə, əgər sizin baxış bucağınıza görə mən sizdən daha sürətlə yerisəm, sizin başladığınız yerə görə, mən sizdən daha az məkan və zaman müşahidə edərəm. Qəribə deyilmi? Bəli. Bizim bunu anlamağımız demək olar ki, qeyri-mümkündür. Amma saysız təcrübə bunun həqiqət olduğunu göstərdi. Səhv olan, bizim ümumi zaman və məkan anlayışlarımızdır. Yenə, bunlar da zehnimizdə meydana gəlir və xarici aləmdə olanların mükəmməl modelini meydana gətirmirlər.(142)

Eynşteyn, bu sözlərindən sonra daha da irəli gedərək maddənin bir enerji froması olaraq mövcud olduğunu göstərdi. Bunun riyazi düsturu isə, məşhur E=mc2 tənliyi oldu.(143) Kütləsi olan varlıq, yalnız bir enerji forması olaraq meydana çıxırdı. Peter Russell mövzuyla əlaqədar bu açıqlamaları vermişdir:

Kütlə fikri belə mübahisəlidir. Ümumi nisbilik nəzəriyyəsinə görə, Eynşteyn kütlənin və sürətin ayırd edilə bilməz olduğunu göstərdi. Liftin içindəki bir insan, liftin sürəti aşağı doğru artdıqca, özünü daha yüngül hiss edər. Dayanmaq üçün yavaşladığı vaxtsa, daha ağır hiss edər. Bu bir illüziya deyildir, bu vəziyyətdə tərəzilər belə kütlənizin dəyişdiyini göstərər. Bizim kütlə kimi təsdiqlədiyimiz şey ayağımızın altındakı yerin yaratdığı təzyiqdir... Eynşteynə görə, daimi şəkildə yavaşlayırıq və bunu kütlə kimi hiss edirik. Orbitdəki bir astronavt, kosmik gəminin şüşəsinə dəydikdən sonra müvəqqəti yavaşlama yaşamadıqca, kütləni hiss etməz.(144)

Quranda Bildirilən Zamanın Nisbiliyi Həqiqəti

Elmin 20-ci əsrdə kəşf etdiyi zamanın nisbiliyi həqiqəti, Quranda 1400 il bundan əvvəl bildirilmişdir.

Məsələn, Allah, bir çox ayəsində dünya həyatının çox qısa olduğunu vurğulayır. Bir insanın ömrünün orta hesabla, "günün bir saatı" qədər qısa olduğunu Rəbbimiz ayələrdə belə bildirir:

O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı güman edəcəksiniz. (İsra surəsi, 52)

Allah onları bir yerə toplayacağı gün, sanki dünyada gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar... (Yunis surəsi, 45)

Bəzi ayələrdə isə, zamanın, insanların zənn etdiyindən olduqca qısa olduğunu Allah belə bildirir:

Allah onlardan: “Yer üzündə neçə il qaldınız?” deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş” deyəcəklər. Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz! (Muminun surəsi, 112-114)

Qurandakı başqa ayələrdə isə, fərqli aləmlərdə zamanın daha fərqli sürətlə keçdiyi bildirilir. Məsələn, Allah Qatındakı bir günün insanların min ilinə bərabər olduğu bildirilir. (Həcc surəsi, 47) Bu mövzuyla əlaqədar digər ayələr belədir:

Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə surəsi, 5)

Allah Quranda bəhs edilən mömin bir cəmiyyət olan Kəhf əhlini 300 ildən artıq müddət ərzində dərin yuxuda saxlamışdır. Daha sonra oyandırdığı vaxtsa, bu insanlar, zaman etibarilə çox az müddət qaldıqlarını düşünüblər, yatdıqları müddəti təxmin edə bilməyiblər:

Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 11-12)

Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir..." (Kəhf surəsi, 19)

Aşağıdakı ayədə isə, Allah zamanın əslində psixoloji bir qavrayış forması olduğunun əhəmiyyətli bir dəlilini çatdırır:

Və ya damları uçub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” dedi. (Bəqərə surəsi, 259)

Bu ayələr, zamanın nisbi olduğunu, mütləq olmadığını açıq şəkildə bildirir. Yəni zaman, qəbul edilmə formasından və qəbul edəndən asılı olaraq dəyişir və bu həqiqət bundan 14 əsr əvvəl Quranda bildirilmişdir.

Taleyin Varlığı və Bunun Elmi Dəlilləri

Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq. (Qamər surəsi, 49)

Əgər bütün hadisələr tək bir anda yaradılırsa və biz bütün bunları bir zaman hissi çərçivəsində təkcə seyr edirsək, belə olan halda, bütün bu hadisələrin əvvəlini və sonunu bilən, zamandan asılı olmayan, biz yaşayarkən bunları görən və dolayısilə bütün bunları yaradan bir Yaradıcının mövcud olduğunu nəticəsinə gələrik. Vəziyyət belə olduğu halda, bizim üçün təsviri, səsi, dadı, bir sözlə, xarici aləmi və zaman hissini yaradan bu Yaradıcı, bütün yaratdıqlarından, bunların mövcud olduqları müddətdə bütün vəziyyətlərindən və hər anlarından xəbərdar olub, onları hər an izləməlidir. Bütün bunları yaradan, hiss etdirən, zehinlərimizə göstərən ulu Yaradıcı, bütün bunları hər an nəzarəti altında tutmalıdır. Hər şeyin yaradıcısı olan üstün, qüdrət sahibi Uca Varlıq, aləmlərin Rəbbi olan Allahdır. Allahın bütün varlıqların hər vəziyyətini yaratması və bunları bilməsi isə, bizə tale həqiqətini göstərər.

Bizim üçün milyardlarla il davam edən bir zaman kəsiyi, Allah qatında tək "bir an"dır. Bizim üçün gələcəkdə meydana gələcək bir şey, Allah qatında olub bitmişdir. Biz gələcəyi, hiss etdiyimiz zaman anlayışı çərçivəsində seyr edərik. Halbuki, bizim görmək üçün gözləməli olduğumuz bir hadisə, Allah qatında onsuz da mövcuddur. Gələcəkdə gerçəkləşəcək dediyimiz bütün hadisələr, zamansızlıq ölçüsündə onsuz da olub bitmişdir.

Allah qatında, kainatın yaradılma anından, kainatın yox olacağı qiyamətədək baş verəcək hər hadisə yaşanmış və bitmişdir. İnsanların bir hissəsinin tale həqiqətini lazımınca qavraya bilməmələrinin ən əhəmiyyətli səbəbi, bunu görməmələridir. Halbuki, "yaşanmamış hadisələr" yalnız bizim hisslər aləmimizdə yaşanmamışdır. Allah isə, zamandan və məkandan asılı deyildir. Zamanı və məkanı yoxdan yaradan Özüdür. Allah, bir hadisənin nəticəsini görmək üçün gözləməyə ehtiyac duymaz. Hadisənin əvvəli də, sonu da Onun qatında tək bir an olaraq yaşanır. Keçmiş və gələcək, hazır şəkildə daim Allahın qarşısında olar və Onun müəyyənləşdirdiyi şəkildə reallaşar.

BBC radiosunda yayımlanan bir verilişdə dr. Jim Al-Khalili bu həqiqəti belə açıqlayır:

Əgər bu dörd ölçülü kosmos-zamanı həqiqi mənasında qəbul etsəniz, bu təqdirdə azad iradənizdən imtina etməli olarsınız. Bu, yalnız gələcəyin əvvəlcədən müəyyənləşdirilmiş olduğunu deyil, eyni zamanda gələcəyin hazır şəkildə orada olduğunu, olub bitdiyini söyləyir. Qərar verməyin bir mənası yoxdur, nə edirsinizsə edin, onsuz da edəcəyiniz şey çoxdan olub bitmişdir. Əgər gölə bir daş atmaq istəsəm, bunu öz azad iradəmlə etdiyimi düşünərəm. Lakin, əlbəttə ki, dörd ölçülü kosmos-zamanda, həmin daşı gölə atmaqdan başqa variantım yoxdur, suyun gələcəkdəki səsi onsuz da oradadır və biz azad iradəmizi itirmiş vəziyyətdəyik.(145)

Eyni verilişə qonaq olan Roger Penrose isə verilən bu məlumatları belə nəticələndirir:

Elə isə müəyyən mənada, keçmiş və gələcək oralarda bir yerdədir. Bu eyni zamanda bizə determinist bir dünyagörüşü də qazandırır. Gələcəkdə baş verəcək hadisələr üzərində bizim qətiyyən nəzarətimiz yoxdur, çünki hamısı bir plan əsasında çoxdan müəyyənləşdirilmişdir.(146)

İnsan, həyatı boyu özü üçün müəyyənləşdirilmiş taleyə şahid olar. Bu günə qədər yaşamış və bu gündən sonra da yaşayacaq bütün insanların həyatları, hər anlarıyla birlikdə Allahın qatında hazır və yaşanmış olaraq mövcuddur. Allahın sonsuz "hafizə"sində, milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların taleyində yazılmış hadisələr də qətiyyən azalmadan və ya yox olmadan dayanır. Tale həqiqəti, Allahın Hafiz (mühafizə edən, qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.

Fred Alan Wolf insanın keçmiş və gələcəyinin çoxdan müəyyənləşdirlmiş olduğunu bu sözlərlə bildirir:

Bir tarix, bir başlanğıc, bir də bitmə hadisəsindən asılı olmasına baxmayaraq, həmin tarixi, o gerçəkləşərkən sanki bilirmişik kimi xatırlayarıq.

Digər bir sözlə, tarix gerçəkləşərkən, bunu yaşayırmış kimi görünərik. Bunu "canlı" bir hekayə halına çevirərik. Mənbəyinin (keçmişimiz) və önümüzdəki mənsəbinin (gələcəyimiz) çoxdan mövcud olduğu bir çay içində yaşayırıq.(147)

İnsan daim özünü yaradan Allahın nəzarəti altındadır və Onun özü üçün müəyyənləşdirdiklərini edir. Allah, bu həqiqəti ayəsində belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

Taleyə Təslimiyyət

Bütün insanların bilməli olduqları mühüm bir həqiqət var. Hər insan, qeydsiz-şərtsiz öz taleyinə təslim olmuşdur. Allahdan başqa bunu dəyişdirə biləcək heç bir güc yoxdur. Hər insanın, yaşadığı və yaşayacağı hər şey, Allahın qatında bəllidir və o insanın öz gələcəyi üzərində heç bir nəzarəti yoxdur. Bir dəqiqə sonra əlindən düşəcək qələm də, iyirmi il sonra dərisində yaranacaq qırışıqlıqlar da, 15 il sonra seyr edəcəyi film də bütün təfsilatıyla Allahın məlumatı daxilindədir. Necə insanlarla tanış olacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə məruz qalacağı, nələrə sevinəcəyi və harada və necə öləcəyi öz taleyində yaşanmış şəkildə mövcuddur. Bunları, insanın özünün bilməməsinin tək səbəbi, bunların hələ yaddaşında olmamasıdır.

Dolayısilə bir hadisədən ötrü kədərlənmək, "niyə belə olmadı" deyə düşünmək, "kaş ki"lərlə başlayan peşmanlıq hissi və kədərli cümlələr işlətmək, əsəbiləşmək, hirslənmək, səbirsiz olmaq, belə bir insanın vəziyyəti düşünüldüyü vaxt lazımsız və mənasızdır. Çünki kədərlənməsinə və ya əsəbiləşməsinə səbəb olan hadisələrin hamısı Allahın nəzarəti altındadır. Bunları insanın taleyində bu şəkildə yaradan Allahdır və insanın taleyindən kənarda başqa bir yol və başqa bir ehtimalın olması qeyri-mümkündür.

Səhv küçəyə girdiyi üçün yol qəzası keçirən bir insanın, etdiyi səhvdən ötrü təəssüflənməsi mənasızdır. Zaman geriyə alınsa, edəcəyi şey yenə eyni küçəyə girmək və eyni qəzanı keçirmək olacaq. Bunun üçün də, "kaş ki, o küçəyə girməsəydi" kimi sözlər, bu həqiqətdən xəbərsiz olmaqdan qaynaqlanan nəticəsiz sözlər olacaq. Bir mağazada pulunu oğurladan bir insan üçün "kaş ki, o mağazaya girməsəydim" və ya "kaş ki, pulu cibimdə daşısaydım" kimi düşüncələr də eynilə bir çıxış yolu olmayacaq. Çünki o insanın, o mağazaya girmək, o pulu çantasında daşımaq və oğurlatmaqdan başqa bir ehtimalı yoxdur. Həmin insan taleyində, müəyyən vaxtda müəyyən yerə getmək, pulu isə oğurlanmaq üçün yaradılmışdır. Min dəfə də keçmişə gedilsə, minində də o pul mütləq oğurlanacaq. Eləcə də, insanın yaşadığı sevincli bir hadisə, qazandığı bir müvəffəqiyyət də onun taleyindədir. Bu müvəffəqiyyəti, bu sevincli anı, taleyində olduğu üçün mütləq yaşayacaq.

İnsanların bir hissəsi, bu həqiqəti qəbul etmək istəməzlər. Professor Roger Penrose, bu insanları belə izah edir:

Məncə insanların bu fikrə qarşı çıxmalarının səbəbi gələcəyin müəyyən həddə qədər öz nəzarətləri altında olduğunu zənn etmələridir. Lakin buna baxmayaraq, əgər gələcək müəyyənləşdirilibsə, deməli, o, nəzarətiniz altında deyildir.(148)

İnsanlar, həyatlarının öz nəzarətləri altında olmasını istədikləri üçün, tale həqiqətini rədd edərlər. Halbuki bunu edərək, böyük yanılmaya qapılarlar. Çünki insan, istəsə də, istəməsə də, qəbul etsə də, etməsə də, öz taleyini yaşayır. İnsanın inkar etməsi də öz taleyindədir.

Burada bunu xatırlatmaqda fayda var: Taleyə təslim şəkildə yaşamaq, çox böyük nemət və böyük rahatlıqdır. İnsan, əsil, hadisələrin öz nəzarəti altında olduğunu düşünsə, böyük təşviş və sıxıntı yaşayar. Çünki gələcəkdəki hər problemdən özünün məsuliyyət daşıdığını zənn edər, hər hadisənin məsuliyyətini öz üzərində hiss edər. Çətinlikləri tək başına həll etməli olduğu hissinə qapılar. Hadisələrin gedişatındakı xeyirləri görə bilməz, çətinliklər qarşısında böyük kabus yaşayar. Qazandığı qələbələri öz müvəffəqiyyəti zənn edərək lovğalanar və bu lovğalıq hissi, ona dünyada və axirətdə çox böyük zərər gətirə bilər. Yaşadığı çətinliklərsə onu get-gedə artan pessimizmə, dalğınlığa və sıxıntıya sürükləyər.

Halbuki, hər hadisənin Allahın müəyyənləşdirdiyi tale çərçivəsində baş verdiyini bilmək və hər nə olursa olsun bütün hadisələrin xeyirlə yaradıldığına inanmaq, insanın sahib ola biləcəyi ən böyük nemətlərdən biridir. Allahın müəyyənləşdirdiyi taleyə təslim olaraq yaşamaq, Ondan razı qalmaq və müəyyənləşdirdiyi hər hadisəyə səmimi-qəlbdən təslim olmaq mənasını verər. İnsan, artıq hadisələrə özü nəzarət edirmiş hissindən xilas olar, sıxıntılardan uzaqlaşar, olub-bitmiş hadisələri yaşadığını bilər və bunun rahatlığını yaşayar. Allahın, hər şeyi xeyirlə yaratdığını bilən bir insan üçün, taleyə təslim olmaq çox böyük nemətdir. Çünki sıxıntı, çətinlik kimi görünən hadisələr belə, sonunda böyük xeyirlərə səbəb olacaq, gözəl hadisələrdir.

Tale anlayışını izah edərkən xüsusilə bəhs edilməli olan mühüm bir xüsus var. Bəzi insanlar, hər şeyin taledə müəyyənləşdirlmiş olduğu həqiqətinə sığınaraq, heç bir şey etmələrinə ehtiyac olmadığını düşünərlər. Lakin bu, olduqca yanlış bir tale anlayışıdır. Yaşadığımız hər şeyin taleyimizdə müəyyənləşdirilmiş olduğu bir həqiqətdir. Biz hələ o hadisəni yaşamadan əvvəl həmin hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün təfsilatıyla Allah qatındakı Lövhi-Məhfuz adlı kitabda yazılmışdır. Lakin, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verər. Məsələn, insan, su içmək istədiyi vaxt, bunun üçün "taleyimdə varsa içərəm" deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyunu içər. Həqiqətən də, taleyində müəyyənləşdirilmiş stəkanda və müəyyənləşdirilmiş miqdarda su içər. Lakin bunları edərkən öz istəyi ilə etdiyinə dair bir hiss yaşayar. Həyatı boyu bu hissi etdiyi hər şeydə yaşayar. Allaha və Allahın yaratdığı taleyinə təslim olmuş bir insanla bu həqiqəti qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli insan öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağlı və gücüylə etdiyini zənn edərək yanılar.

Einstein
Məsələn, bir xəstəliyi olduğunu öyrənən təslimiyyətli bir insan, bunun taleyində olduğunu bildiyi üçün olduqca təvəkküllü davranar. "Allah bunu taleyimdə yaratdığına görə, bunda mütləq böyük bir xeyir vardır" deyə düşünər. Lakin "onsuz da, taleyimdə yaxşılaşmaq varsa yaxşılaşaram" deyərək tədbir almadan gözləməz. Əksinə, bütün mümkün tədbirləri alar. Həkimə gedər, qidalanma rejiminə diqqət yetirər, dərmanlarını qəbul edər. Lakin getdiyi həkimin, həkimin apardığı müalicənin, qəbul etdiyi dərmanların, bunların öz üzərində nə qədər təsirli olacağının, yaxşılaşıb-yaxşılaşmayacağının, bir sözlə, hər incəliyin taleyində olduğunu unutmaz. Bütün bunların, Allahın hafizəsində, hələ özü dünyaya gəlmədən əvvəl hazır olduğunu bilər.

Allah bu həqiqəti ayələriylə xəbər vermişdir:

Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz. (Ənam surəsi, 2)

"...Allahın əmri müəyyən edilmiş bir taledir". (Əhzab surəsi, 38)

Allah digər bir ayəsində isə; "şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq" (Qamər surəsi, 49) deyə buyurur. Yalnız insanların deyil, bütün canlıların, əşyaların, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında müəyyənləşdirilmiş bir taleyi var. Məsələn, qırılan bir antikvar vaza, taleyində müəyyənləşdirilmiş anda qırılmışdır. Bir neçə əsrlik bu vaza, hələ ilk dəfə hazırlandığı vaxt, kimlər tərəfindən işlədiləcəyi, hansı evin hansı küncündə, hansı əşyalarla birlikdə dayanacağı müəyyənləşdirilmiş şəkildə hazırlanılır. Vazanın hər naxışı, üzərindəki hər rəng əvvəlcədən taledə müəyyənləşdirilmişdir. Vazanın hansı gün, hansı saat, hansı dəqiqə, kim tərəfindən necə qırılacağı da Allahın hafizəsində yaşanmış şəkildə mövcuddur. Hətta, vazanın ilk hazırlandığı an, ilk dəfə satılmaq üçün vitrinə qoyulduğu an, bir evin küncündə dayandığı an və qırılaraq parça-parça olduğu an, bir sözlə, antikvar vazanın əsrlər boyu yaşadığı hər an, Allah qatında tək bir an olaraq mövcuddur. Vazanı qıran insan, bir neçə saniyə əvvəl belə bundan xəbərsiz olduğu halda, Allah qatında o an yaşanmışdır və məlumdur. Bundan ötrü də, Allah, insanlara itirdiklərindən ötrü kədərlənməmələrini bildirir. Çünki, itirdiklərini talelərində itiriblər və həmin insanların bunu dəyişdirməyə gücləri yoxdur. Lakin insanlar talelərində baş verən hadisələrdən ibrət almalı, bunlarla yetişdirilməli, bu hadisələrdəki hikmət və xeyirləri görərək, daim, talelərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarına rəhm edən və qoruyan Rəbbimizə üz tutmalıdırlar.

Bir insanın rüşeym halı da, oxuyub-yazmağı ilk öyrəndiyi halı da, 35-ci ad gününü qeyd etdiyi və təqaüdə çıxdığı halı da Allahın qatındakı kitabda müəyyəndir. İnsan, özü üçün müəyyənləşdirilmiş taledən kənar heç nə yaşaya bilməz, heç nə edə bilməz. Bu mühüm həqiqətdən xəbərsiz yaşayan insanlar, həyatları boyu daim narahatlıq və qorxu içində olarlar. Məsələn, uşaqlarının gələcəyi üçün çox narahat olarlar. Hansı məktəbdə oxuyacağı, necə bir peşə sahibi olacağı, sağlamlıq vəziyyətinin necə olacağı, necə bir həyat yaşayacağı kimi mövzularda təvəkkülsüzlük içində səy göstərərlər. Halbuki, hər insanın, hələ tək bir hüceyrə olduğu halından oxuyub-yazmağı öyrəndiyi ilk ana, universitet imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətdə nə iş görəcəyinə, hansı kağızlara neçə dəfə imza atacağına, harada və necə öləcəyinə qədər hər anı Allah qatında bəllidir. Bütün bu hadisələr, Allahın hafizəsində mövcuddur. Məsələn, indi, bu insanın rüşeym halı, ibtidai məktəbdəki halı, universitetdəki halı, 35-ci ad gününü qeyd etdiyi anı, işinə başladığı ilk günü, öldüyündə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allaha hesab verdiyi anlar, tək bir an olaraq Allahın qatındadır.

Allaha səmim-qəlbdən təslim olub itaət edənlər, həm Allahın rizasını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilər, həm də dünyada və axirətdə, güvən və xoşbəxtlik içində rahat bir həyat yaşayarlar. Çünki, Allaha təslim olan, Allahın yaratdığı taleyin özü üçün ən xeyirlisi olduğunu bilən bir insanı kədərləndirəcək, qorxudacaq, narahatlandıracaq heç nə yoxdur. Belə bir insan, əlindən gələn hər səyi göstərər, lakin bu səyin də taleyində olduğunu, nə edirsə etsin, gücünün taleyində yazılmış olanları dəyişdirməyə çatmayacağını bilər.

Mömin, Allahın yaratdığı taleyə təslim olacaq, bununla yanaşı üzləşdiyi hadisələr qarşısında əlindən gəldiyi qədər səbəblərə sarılacaq, tədbir görəcək, hadisələri xeyir istiqamətində yönləndirməyə çalışacaq, lakin bütün bunların taledə yaşandığı və Allahın ən xeyirlisini əvvəlcədən müəyyənləşdirmiş olduğunu dərk edəcək və bunun bəxş etdiyi rahatlığı yaşayacaq. Quranda bu rəftara nümunə olaraq, hz. Yaqubun övladlarının təhlükəsizliyi üçün almış olduğu bir tədbirdən bəhs edilir. Hz. Yaqub, pisniyyətli insanların diqqətini çəkməmələri üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi nəsihət etmiş, lakin bunun Allahın müəyyənləşdirdiyi taleyə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:

O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusif surəsi, 67)

Allah, insanların nə etsələr də, talelərini dəyişdirə bilməyəcəklərini bir ayəsində belə bildirir:

Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”. (Ali İmran surəsi, 154)

Ayədə də göründüyü kimi, bir insan ölməmək üçün xeyir və ibadət olan bir işdən qaçsa belə, əgər özünə ölüm hökmü yazılıbsa onsuz da öləcək. Hətta, ölümdən qaçmaq üçün əl atdığı yollar və üsullar da taleyində bəllidir və hər insan taleyindəki hadisəni yaşayacaq. Allah, bu ayədə də, insanlara talelərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların qəlblərini təmizləmək olduğunu ifadə edir. Fatir surəsində isə, hər insanın ömrünün Allah qatında müəyyənləşdirilmiş olduğu, bətndə yaranan körpələrin də Allahın icazəsiylə yarandığı bildirilir:

Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

Qamər surəsinin aşağıdakı ayələrində isə, insanın etdiyi hər şeyin sətir-sətir yazılmış olduğu bildirildiyi halda, cənnət xalqının yaşadıqlarından da yaşanmış hadisələr kimi bəhs edilir. Daha əvvəl də bildirildiyi kimi, cənnətdəki həqiqi həyat bizim üçün gələcəkdir. Lakin cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri hazırda Allahın hafizəsində mövcuddur. Biz doğulmadan əvvəl də bütün insanların dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hafizəsində qorunur:

Onların işlemiş oldukları her şey kitaplarda (yazılı)dır. Küçük, büyük her şey satır satır (yazılı)dır. Hiç şüphesiz muttakiler, cennetlerde ve nehir (çevresin)dedirler. Çok kudretli, mülkünün sonu olmayan (Allah)ın yanında doğruluk makamındadırlar.
(Kamer Suresi, 52-55)

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır. Hər bir kiçik və böyük əməl sətir-sətir yazılmışdır. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, mülkünün sonu olmayan Allahın yanında haqq məclisindədirlər! (Qamər surəsi, 52-55)

Quranın bəzi ayələrində, hadisələrin bizim üçün gələcəkdə olduğu, lakin Allah qatında yaşanmış olduğu bildirilir. Məsələn, axirətdə insanların Allaha hesab verəcəklərinin bildirildiyi bəzi ayələr, çoxdan olub-bitmiş hadisələr kimi qeyd olunur:

Sur üfürüldü və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öldü. Sonra bir daha ona üfürüldü və onlar qalxıb baxdılar. Yer öz Rəbbinin nuru ilə işıqlandı, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi. Onların arasında ədalətlə hökm verildi... (Zumər surəsi, 68-69)

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər... (Zumər surəsi, 71)

...Qorxanlar da dəstə-dəstə Cənnətə gətirildilər... (Zumər surəsi, 73)

Bu mövzudakı digər nümunələrsə belədir:

Hər kəs onu məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gəldi. (Qaf surəsi, 21)

Göy yarıldı və o, artıq süst oldu. (Haqqə surəsi, 16)

Onlara səbir etdiklərinə görə Cənnəti bəxş etdi və orada geyəcəkləri ipəklə mükafatlandırdı. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəkləndilər və orada nə günəş, nə də şaxta görəcəklər. (İnsan surəsi, 12-13)

Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstərildi. (Naziat surəsi, 36)

Bu gün məhz iman gətirənlər kafirlərə güldülər. (Mutaffifin surəsi, 34)

Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin etdilər və oradan qaçmağa bir yer tapa bilmədilər. (Kəhf surəsi, 53)

Maddənin Əsli və Tale Həqiqəti Iman Edənlər Üçün Böyük Nemətdir

Allaha inanan, Ona iman edən və hər şeyin yaradılmış olduğunu görə bilən insanlar üçün maddənin əsli həqiqətini bilmək, çox böyük nemətdir. Bu sirri qavrayan bir insana ölüm, axirət, cənnət, cəhənnəm kimi mövzular aydın olmuş, "Allah haradadır?", "cənnət, cəhənnəm haradadır?", "cənnət və cəhənnəm hazırda vardırmı?" və bu kimi suallar asanlıqla cavablanmışdır. Allahın bütün kainatı necə bir sistemlə yoxdan yaratdığı, dayanmadan yoxdan yaratmaqda olduğu aydın olmuşdur. Hətta bu sirr sayəsində "nə vaxt" və "harada" kimi suallar mənasızlaşır. Çünki həqiqətdə, nə zaman, nə də məkan var. Yaşanacaq hadisələr onsuz da yaşanmışdır. Bunlar üçün heyfsilənmək, kədərlənmək, sıxılmaq məntiqsiz və mənasızdır.

Bu sirlərin başa düşülməsi, insanın yaşadığı dünya həyatını bir anda bir növ cənnət həyatına çevirər. İnsanın dünyadakı ən böyük sıxılma səbəbi olan bütün maddi sıxıntılar, yanlış düşüncə, şübhə və qorxular yox olar. Yeganə mütləq varlığın aləmlərin Rəbbi olan uca Allah olduğu və Ondan başqa "heç bir varlığın həqiqətdə olmadığı" aydın olar. İnsan, Allahın, bütün kainatın yeganə Hakimi olduğunu, Onun maddi dünyanı istədiyi kimi dəyişdirdiyini və etməli olduğu tək şeyin Ona üz tutmaq və Onu özünə dost tutmaq olduğunu qavrayar. Artıq o; "hər cür asılılıqdan azad olmuş şəkildə" (Ali İmran surəsi, 35) Allaha təslim olmuşdur.

Bu böyük sirri qavramaq, bir insanın dünyada sahib ola biləcəyi ən böyük nemətlərdəndir.

Allah, insana ən yaxındır. Allah, insanı yaradan, ona Özündən bir ruh verəndir. Yəni insanın "mən" dediyi varlıq, Allahın bir təcəllisidir. Allah, insanın etdiyi və düşündüyü hər şeyi bilir, çünki bütün bunları Allah yaratmışdır. Hiss etdirən, yaşadan, göstərən, düşündürən, sevindirən, xoşbəxt edən Allahdır. İnsan yaşadığı hər anı, Allah istədiyi üçün yaşayar. Qarşılaşdığı hər hadisə, Allahın müəyyənləşdirdiyi şəkildədir. Məhz həqiqət budur. İnsanın, Allahdan başqa heç bir dostu, heç bir varlığı, heç bir köməkçisi yoxdur. Yeganə mütləq varlıq Allahdır. Onun varlığı bütün aləmlərə hakimdir, hər yeri əhatə etmişdir. Ondan başqa heç nə yoxdur. Özünə sığınılacaq, özündən kömək istəniləcək, qarşılıq gözləniləcək Tək varlıq Uca, Böyük və Ulu olan Allahdır. Allah, Quranda belə buyurur:

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa İlah yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona qulluq edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə, bütün gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır.
(Ənam surəsi, 102-103)


 << Geri 


Məqalələr

Veb saytlar