Darvinin Dilemması: Ruh

Materializm Tənəzzülə Uğrayıb Yox Olmuşdur


Bir Dövrün Xurafatı: Materializm


Qədim Yunanistan mütəfəkkirləri, bütün cisimlərin atom adlanan kiçik zərrəciklərdən əmələ gəldiyini düşünürdülər. Kainatı və bütün canlıları, heç bir istiqamətləndirmə və heç bir şüurlu müdaxilə olmadan, bu atomların formalaşdırdığını iddia edirdilər. Bu inanca görə, maddə əzəli və əbədi idi və maddədən başqa heç bir varlıq mövcud deyildi. Varlıqların quruluş və davranışlarında fövqəltəbii hadisələrin müdaxiləsi qəbul edilməzdi. Hər şey, maddənin mütləq varlığı inancı əsasında tənzimlənirdi. Maddə əzəli olduğuna görə, kainat da əzəli idi və bu anlayış ateizmin təməlini təşkil edirdi. Bütün kainat əzəli olaraq mövcuddursa, azğın materialist inanca görə maddənin və kainatın yaradılmış olması qeyri-mümkün idi.

Materializmə görə, kainat əbədi idi və dolayısilə kainatda bir məqsəd və xüsusi yaradılış da yox idi. Materialistlərə görə kainatdakı bütün tarazlıq, ahəngdarlıq, uyğunluq və nizam, yalnız təsadüflərin əsəri idi. Materializm hər şeyin, şüursuz atomların təsadüfən bir yerə toplanması nəticəsində meydana gəldiyini və xarici aləmdə nə qədər mükəmməl bir komplekslik, tarazlıq və möhtəşəm bir nizam olsa belə, bütün bunların məqsədsiz təsadüflərin bir nəticəsi olduğunu iddia edirdi. Materialistlər bu ağılsız ideologiyaya, qədim yunanların vaxtından sahibdilər.

Materializm, "məqsəd" və "yaradılış" fikirlərini rədd etdiyi üçün, bir Yaradıcının varlığını da rədd edirdi. Daha doğru desək, materializm, Allahın varlığını rədd etmək üçün ortaya atılmış bir fəlsəfə idi. Yer üzündə Allah inancını inkar edən bir çox cərəyan, ideologiya və düşüncə sistemi, materializmi özünə təməl götürmüşdü. Yəni dinsizliyin ən fəal dini materializm olmuşdu.

Virciniya Universitetindən fizika professoru Stanley Sobottka, materializm azğınlığını belə xarakterizə edir:

Əgər biz buna (materialist ideologiyaya) inansaq, buna görə yaşasaq, özümüz də daxil olmaqla bütün həyatımızın tamamıyla fizika qanunları əsasında idarə olunduğunu qəbul etmək məcburiyyətində qalarıq. Belə olan halda, istəklərimizə, arzularımıza, ümidlərimizə, əxlaqi düşüncələrimizə, hədəflərimizə, məqsədlərimizə və taleyimizə hökm edən tək qanun, fizika qanunları olar. Maddə və enerji bizim birinci əsil hədəfimiz, bütün hərisliklərimizin və istəklərimizin məqsədi olmalıdır. Bunun mənası xüsusən də, həyatımızın bədənimizi də ehtiva edən maddiyyatı qazanmaq məqsədinə əsaslanmalı, diqqətini buna cəmləşdirməlidir və ya maksimum maddi məmnuniyyəti, qənaəti, zövqü əldə edə bilmək üçün heç olmasa bu maddi şeyləri təmin edilməli və ya dəyişdirilməlidir. Başqa heç bir məqsəd güdmədən bütün enerjimizi təkcə bu istiqamətdə sərf etməliyik. Bütün bunlardan başqa heç bir variantımız yoxdur, çünki tamamiylə fizika qanunlarına görə idarə olunuruq. Özümüzü bu inancların və ya istəklərin tələsinə düşmüş kimi hiss edə bilərik, lakin bunları qətiyyən dəf edə bilmərik. Bizə tamamilə bu materialist sistem hakim olar.

Xülasə şəklində desək, bu materialist fəlsəfənin xülasəsi; "mən bir bədənəm" kimi olar.(1)

Qədim Yunanistanda materializm ucbatından dindar insanlar elmə qarşı çıxırdılar. Məhz buna görə də, materialistlər tarix boyu Allah inancı və elm arasında ziddiyyət oluğu düşüncəsini üzə çıxartmağa çalışdılar. Halbuki elm Allahın varlığına dair dəlillər göstərirdi, Allah inancıyla mübarizə aparansa materialist zehniyyətdi (həmçinin darvinizm də Allah inancıyla mübarizə aparırdı. Darvinizmlə aparılan mübarizə, əsasən onun materializmdən qaynaqlanmasından ötrüdür). Materialistlər, tarix boyu varlıqların bir atom yığınından yarandığını, insan beyninin də bir hüceyrə şəbəkəsindən başqa bir şey olmadığını iddia etdilər. İnsan zehninə izah gətirə bilmədilər, bunu, neyronların qıcıqlanması kimi izah etməyə çalışdılar.

Materialistlər, özlərini də bir heyvan və ya maşın kimi qələmə verməkdən çəkinmədilər. Şüurlu varlıq olduqlarını inkar etdilər. Özlərini təsadüflərin yaratdığını iddia etdilər. Halbuki bu böyük bir aldanış və Allahı inkar etmək üçün uydurulmuş böyük bir yalan idi.

Maddənin mütləq varlığına inanan bu insanlar əslində, Delaver Universiteti Bartol Araşdırma İnstitutundan zərrəciklər fiziki Stephen M. Barrın sözüylə desək, qədim dövr bütpərəstlərindən demək olar ki, fərqlənmirdilər. Materialistlər insanı, eynilə qədim bütpərəstlər kimi insandan aşağı varlıqlar kimi qiymətləndirirdilər. Bütpərəstlər bunu, guya maddəni ilahlaşdıraraq etmişdilər, materialistlər isə eyni şeyi, ruhu inkar edib hər şeyi maddə səviyyəsinə sadələşdirərək gerçəkləşdirdi. Bütpərəstlər, hərəkətlərin orbitlər və ulduzlar tərəfindən idarə edildiyini söyləmişdilər, materialistlər isə, özlərinin, beyinlərindəki elektronların orbitləri tərəfindən idarə olunduqlarını iddia etdilər. Bütpərəstlər, ibadət etmək üçün heyvanların qarşısında əyilmişdilər, materialistlər isə özlərinin heyvandan başqa bir şey olmadığını iddia etdilər.(2)

Oreqon Universiteti Nəzəri Elmlər İnstitutundan fizika professoru Amit Goswami, materializmin insanlara aşılamaq istədiyi təməl məntiqi belə izah etmişdir:

Biz bir maşın olduğumuza inanmağa şərtləndirildik. Buna görə də, bütün hərəkətlərimizə, sinir xəbərdarlıqları və keçmişdəki şərtlənmələr tərəfindən nəzarət edilir. Eynilə sürgünlər kimi, heç bir məsuliyyətimiz və ya heç bir seçim hüququmuz yoxdur.(3)

Halbuki insanı Allah yaratmışdır. İnsan, məqsədsiz və məsuliyyətsiz bir varlıq deyil, materialistlərin iddiasının əksinə şüursuz bir maşın deyil. İnsan, Allaha qarşı məsul bir varlıqdır və axirətdə bütün etdiklərindən ötrü sorğu-suala çəkiləcək.

İnsanları bu həqiqətdən uzaqlaşdırmağa çalışan materialist məntiq, qədim yunanlılardan etibarən tarixin hər dövründə eyni anlayışla tarix səhnəsində yerini almışdır. Lakin bu inancın geniş şəkildə yayılıb, kök salmış ideologiyaya çevrildiyi dövr, 19-cu əsr oldu. 19-cu əsrdə, klassik fiziklərin böyük hissəsi, maddənin təməl elementlərinin eynilə bilyard topları kimi, cansız, bölünə bilməyən atomlardan meydana gəldiyini və kainatdakı mükəmməl nizam və kompleksliyin mənbəyinin atomların təsadüfi hərəkətlərinin bir nəticəsi olduğunu güman edirdi. Onlara görə, yer üzündəki canlılar da daxil olmaqla hər şey, şüursuz proseslər nəticəsində təsadüf nəticəsində meydana gəlmişdi. Atomlar, şüursuz şəkildə birləşmiş və hazırda qarşımızda gördüyümüz mükəmməl xüsusiyyətləriylə dünyanı, üstəlik də, ağıl və şüur sahibi olan bizi meydana gətirmişdilər. Materialistlər, bu iddiaları sadalayaraq insanın bir Yaradıcı tərəfindən yaradılmadığını və maddi varlıqdan başqa bir şey olmadığını insanların zehinlərinə həkk etmək istəyirdilər. Halbuki insanın mükəmməl sistem və mexanizmlərlə, görünməmiş ağıl və zehin gücüylə yaradıldığı açıq-aydın bir həqiqətdir. Yer üzündə, materialistlərin iddia etdikləri kimi şüursuz hadisələr, bunun nəticəsində yaranan şüursuz struktur və sistemlər yoxdur. Hər şey, bəzən insanın anlama potensialını aşan kompleksliklər və üstünlüklər nümayiş etdirər və bu incəliklər, heç bir təsadüfi müdaxiləyə yer verməyəcək dərəcədə mükəmməl olarlar. Yer üzü, fövqəladə yaradılışın dəlillərini göstərən xüsusiyyətdədir.

Bu həqiqətlərə baxmayaraq, materialistlər şüursuz atomların hər şeyin təməli olduğuna dair iddialarından əl çəkmirdilər. Bəs materialistlərə görə hər şeyin səbəbi olan atom necə bir şeydi?

Atom müəyyən mənada boşluqdur və bu həqiqətən də doğrudur. Bunu belə izah edə bilərik: Neytronlar və protonların birlikdə meydana gətirdikləri atom nüvəsini, yalnız 1 mm diametrində, bir sancaq başı böyüklüyündə qəbul etsək, nüvənin ətrafında fırlanan elektron bu nüvədən tam 100 metr uzaqlıqda yerləşən bir nöqtədə yerləşər.(4)

Nüvə ilə elektronlar arasındakı bu böyük məsafəni isə, yalnız boşluq təşkil edir. Heç nəyin, heç bir maddənin olmadığı bu 100 metrlik boşluq, həqiqi bir "boşluq"dur. Məhz bundan ötrü də, mütəxəssislərin atomu boşluq kimi qəbul etmələri müəyyən baxımdan doğrudur. İngilis fiziki Sir Arthur Eddingtonun ifadə etdiyi kimi, "maddə əsasən xəyal kimi boş sahədən ibarətdir".(5)

Daha açıq danışmaq lazımdırsa, atomun 99,9999999%-unda heç nə yoxdur.

Kaliforniya Universitetindən zərrəciklər fiziki Fred Alan Wolf, atomla əlaqədar olaraq bu həqiqəti belə açıqlamışdır:

... bizim yaşadığımız planetdəki həyatın, kainatın nə qədər boş olduğunu düşündüyümüz vaxt, bir sürpriz olduğunu anlaya bilərik. Əslində, kainatın 99%-dən artığı heçlikdir! Kainatın xoşagəlməz sürətlə genişləndiyini nəzərə alsaq, daha əvvəl heç olmadığı qədər çox heçlik üzə çıxacaq! Buna bu cür baxmaq bizdə heyranlıq oyadan hörmət meydana gətirdiyi halda, atomaltı zərrəciklərin mikrodünyasına nəzər yetirdikdə, vəziyyət daha da pisləşər. Belə demək olarsa, heç nə yoxdur.(6)

20-ci əsrin əvvəllərində hər şeyin ən kiçik parçası kimi qəbul edilən atomun içində nəhəng bir boşluq olduğu, bu boşluğun içində də bir nüvə və onun ətrafında fırlanan elektronlar olduğu müəyyənləşdirildi. Maddənin, atomun və onun içindəki təməl zərrəciklərin, yalnız sadə funksiyaları ortaya çıxarılmışdı. Bəs atom nüvəsində, 10-18 metrlik bir sahədə, yəni santimetrin milyonda birinin milyonda bir hissəsi qədər bir sahədə nə vardı? Məhz elm adamları bunu bilmirdilər.

1960-cı ildə elmi sahədə çox əhəmiyyətli bir şey kəşf olundu. Protonun dərinliklərində kvark zərrəciklərinin olduğu müəyyənləşdirildi. Bu görünməmiş dərəcədəki kiçik zərrəciklərin yaranma səbəbi, protonun müsbət yükü və neytronun yüksüz olması idi. Zamanla aparılan tədqiqatlar nəticəsində atomun 0,0000001-ni əmələ gətirən həcmin içində möhtəşəm bir dünya olduğu məlum oldu.

Materialistlər, atomun dərinliklərinə doğru getdikcə və maddənin ən kiçik strukturunun fövqəladə incəliklərini gördükcə, çıxış yolunu bu mövzudakı nəzəriyyələrini müxtəlif bir istiqamətdə yaratmaqda gördülər. Bütün kainatın şüursuz və təsadüfi şəkildə yarandığını söyləmək üçün, təkcə atomların deyil, atomun içindəki dünyanın, yəni atomaltı zərrəciklərin hərəkətlərinin də necə meydana gəldiyini izah etməliydilər. Yeganə varlığın maddə olduğu iddiası, materialist zehinlərdəki yerini qoruyurdu. Ta ki, kvant fizikası kəşf olunana qədər...


Materializmi Elmi Cəhətdən Yox Edən Kəşf: Kvant Fizikası


Fiziki kainatın yaradılma forması, ruhun varlığına işarə etməyə kifayətdir. Mənim ruhu tapdığım nöqtələrin kvant mexanizminin işləyişi və ya kvant fizikasının olduğunu deyə bilərik, bunlar, fiziki dünyanın arxasında ruhla əlaqəli bir təməl ola biləcəyini göstərir.(7) (Kaliforniya Universitetindən tanınmış zərrəciklər fiziki Fred Alan Wolf)

İsaak Nyutona görə işıq, "korpuskul (hissəcik)" adlı maddə axını idi. Tamamilə hissəciklərdən meydana gəlirdi. Digər bir sözlə, kvant fizikası kəşf edilənədək qəbul edilən ənənəvi Nyuton fizikasının təməli, işığın hissəcik yığına olmasına əsaslanırdı. 19-cu əsr fiziklərindən Ceyms Klerk Maksvel isə işığın dalğa xüsusiyyəti göstərdiyini irəli sürmüşdü. Kvant nəzəriyyəsi, fizikanın bu ən böyük mübahisəsinə son qoydu.

1905-ci ildə Albert Eynşteyn işığın kvantlara sahib olduğu iddiasını irəli sürdü. Bunlara foton deyilirdi. Zərrəcik kimi adlandırılsalar da, 1860-ci illərdə Ceyms Klerk Maksvelin irəli sürdüyü kimi, onları eynilə dalğa hərəkətləri kimi müşahidə etmək mümkün olurdu. Dolayısilə işıq, dalğa və zərrəcik arasında, sanki keçid kimi idi.(8) Lakin bu vəziyyət, Nyuton fizikası baxımından olduqca böyük ziddiyyət nümayiş etdirirdi.

Eynşteyndən dərhal sonra Alman əslli fiziki Maks Plank, işıq üzərində tədqiqatlar apararaq, işığın həm dalğa, həm də zərrəcik vəziyyətində ola biləcəyini önə sürən nəzəriyyəsi ortaya atdı və bütün elm aləmini təəccübləndirdi. Kvant nəzəriyyəsi adı altında ortaya atdığı bu nəzəriyyəyə görə enerji, düz və daimi deyil, kəsik, qopuq və nöqtəli kvantlar halında yayılırdı (kvant sözü, latıncada "kəmiyyət", fizikada isə "zərrəcik" mənasını verir). Bu düşüncə riyaziyyata Plank sabiti kimi daxil oldu. Kvant hadisəsində işıq, həm maddə, həm də dalğa xüsusiyyəti daşıyır. Foton adlı maddəyə, kosmosda bir də dalğa yoldaşlıq ediridi. Yəni işıq, kosmosda hərəkət edən vaxt dalğa kimi, yəni önünə maneə çıxanda aktiv hissəcik kimi hərəkət edirdi. Başqa sözlə desək, işıq, önünə bir maneə çıxanadək enerji şəklini alır, bir maneə ilə qarşılaşdıqda isə sanki maddi mövcudluğu varmış kimi qum dənələrini xatırladan zərrəciklər şəklini alırdı. Bu nəzəriyyə Plankdan sonra Albert Eynşteyn, Nils Bor, Luis De Broglie, Ervin Şrödinger, Verner Heyzenberq, Pol Dirak və Volfqanq Pauli kimi elm adamları tərəfindən inkişaf etdirildi. Hər birinə bu böyük kəşfdən ötrü nobel mükafatı verildi.

Amit Goswami, işığın bu yeni kəşf edilmiş xüsusiyyəti ilə əlaqədar bunları söyləyirdi:

İşıq, dalğa kimi görülə bildiyi vaxtlarda eyni anda iki və ya daha artıq yerdə olma qabiliyyətinə malikdir. Bir çətirin dəliklərindən keçər və səpələnmə xüsusiyyəti göstərər. Lakin işığı bir fotolentə tutduğumuz vaxt, zərrəcik dənələri kimi müəyyən aralıqlara malik və nöqtə-nöqtə bir xüsusiyyət göstərər. O zaman işıq həm zərrəcik, həm də dalğa olmalıdır. Ziddiyyətli, deyil mi? Bəhs olunan köhnə fizikanın sipərlərindən biri: birdən artıq şərhə yer verməyən qəti izahdır. Haqqında danışılan digər şey isə obyektivlik anlayışıdır: İşığın təbiəti, yəni işığın nə olduğu, onu necə müşahidə etdiyimizdən mi asılıdır?(9)

Elm adamları, artıq maddənin cansız, kor və anlaşılmaz hissəciklər olduğuna inanmırdılar. Digər bir sözlə, kvant fizikası materialist məna daşımırdı. Çünki maddədə, maddi olmayan bir şey vardı. Eynşteyn, Phillip Lenard və Compton işığın zərrəcik quruluşunu tədqiq edərkən, Luis De Broglie də dalğaların quruluşunu tədqiq etməyə başladı. Broglienin kəşfi isə fövqəladə idi. Apardığı tədqiqatlar nəticəsində atomaltı zərrəciklərin də dalğa xüsusiyyətləri göstərdiklərini müşahidə etdi. Elektron, proton kimi zərrəciklərə də dalğa boyunca yoldaşlıq edir. Yəni materializmin mütləq maddə kimi səciyyələndirdiyi atomun içində, materialistlərin inancının əksinə maddə deyil, əslində mövcud olmayan enerji dalğaları vardı. Atomun içindəki bu kiçik zərrəciklər, eynilə işıq kimi, istədikləri vaxt dalğa kimi hərəkət edir, istədikləri vaxt da zərrəcik xüsusiyyəti göstərirdilər. Yəni materialist açıqlamaya görə atomun içində "mütləq şəkildə mövcud olan maddə", materialistlərin ehtimallarının əksinə bəzən görüləcək hal alır, bəzən də yox olurdu. Bu əhəmiyyətli kəşf, real dünya zənn etdiyimiz görünüşlərin kölgə varlıq olduğunu, maddənin, fizikadan tamamilə uzaqlaşdığını və metafizikaya yönəldiyini göstərirdi.(10)

Fizik Riçard Feynman atomaltı zərrəcikləri və işıqla əlaqədar bu maraqlı həqiqəti bu sözlərlə açıqlayırdı:

"Elektronların və işığın necə davrandıqlarını artıq bilirik. Bəs necə davranırlar? Zərrəcik kimi davrandıqlarını söyləsəm yanlış təəssürat yaradaram. Dalğa kimi davranırlar desəm, yenə eyni şey olar. Onlar özlərinə məxsus, bənzərsiz şəkildə hərəkət edirlər. Buna texniki cəhətdən, "kvant mexanizminin bir davranış forması" deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç nəyə bənzəməyən bir davranış formasıdır... Bir atom, bir yayın ucuna asılmış yellənən bir ağırlıq kimi davranmaz. Nüvəni əhatə edən bulud və ya duman təbəqəsinə də çox bənzəməz. Daha əvvəl gördüyünüz heç nəyə bənzəməyən bir tərzdə davranar. Ən azı bir sadələşdirmə apara bilərik: Elektronlar müəyyən mənada eynilə fotonlar kimi davranarlar, ikisi də eyni şəkildə "qəribədir". Necə davrandıqlarını qavramaq təxəyyül gücü tələb edir, çünki qavrayacağımız şey bildiyiniz hər şeydən fərqlidir... Bunun niyə belə olduğunu isə, heç kəs bilmir".(11)

Bütün bunları xülasə etsək: Kvant mexaniklərinin söylədikləri, obyektiv dünyanın bir illüziya olması idi.(12) Maks Plank adına Fizika İnstitutunun rektoru prof. Hans-Peter Dürr bu həqiqəti belə yekunlaşdırırdı:

Maddə hər nədirsə, maddədən meydana gətirilməmişdir.(13)

1920-ci ildə ən tanınmış fiziklər olan, Pol Dirakdan Nils Bora, Albert Eynşteyndən Verner Heyzenberqə qədər hər kəs, kvant təcrübələrinin nəticələrini açıqlamağa çalışdı. Nəticədə 1927-ci ildə Brükseldəki beşinci Solvay Fizika konqresində bir qrup fizik (Bor, Maks Born, Pol Dirak, Verner Heyzenberq və Volfqanq Pauli) kvant mexanikasının Kopenhagen təfsiri adlandırılan razılığa gəldilər. Bu ad, qrupun lideri olan Borun işlədiyi yerin adı idi. Bor, kvant nəzəriyyəsinin nəzərdə tutduğu fiziki həqiqətin, bir sistemə dair bizim sahib olduğumuz məlumat olduğunu və bu məlumata arxalanaraq ortaya atdığımız təxminlər olduğunu irəli sürdü. Buna görə də, bizim beynimizdəki bu "təxminlərin" "xarici aləmdəki" reallıqla əlaqəsi yox idi. Yəni "içimizdəki dünya", Aristoteldən indiyədək fizikləri maraqlandıran başlıca mövzu olan "xarici aləmdəki həqiqi" dünya ilə əlaqədar deyildi. Fiziklər bu fikirlə əlaqədar keçmiş düşüncələrini bir kənara qoymuş və kvant anlayışının fiziki sistem üzərində yalnız "bizim məlumatımızı" təmsil etdiyi barədə həmfikir olmuşdular.(14) Digər bir sözlə, bizim qəbul etdiyimiz maddi dünya, yalnız bizim beynimizdəki məlumatlar sayəsində mövcud olurdu. Yəni xarici aləmdəki maddənin əsli ilə heç vaxt təmasda ola bilmirdik.


Jeffrey M. Schwartz, Kopenhagen təfsirinə görə ortaya çıxan nəticəni belə ifadə edirdi:

Fizik John Archibald Wheelerin söylədiyinə görə: "Heç bir hadisə, müşahidə edilmədən baş vermir".(15)

Xülasə, kvant mexanikasının verdiyi açıqlama daim bir "qəbul edənin" olduğuna əsaslanırdı.(16)

Amit Goswami bu həqiqəti belə ifadə etmişdi:

Bu sualı verdiyimizi fərz edək: Yuxarıya baxmadığımız vaxtlarda da Ay hələ də öz yerində olarmı? Ay, nəticədə bir kvant obyekti olduğu üçün (tamamilə kvant obyektlərindən meydana gəldiyi üçün), fizik David Mermin də ifadə etdiyi kimi buna xeyr deməliyik.

Bəlkə də, ən əhəmiyyətli və uşaqlığımızda mənimsədiyimiz ən gizli zənn, xarici aləmdə mövcud olan obyektlərin maddi aləminin, müşahidə edənlərin meydana gətirdiyi obyektlərdən müstəqil olmasıdır. Bu zənnin lehində bilvasitə dəlillər var. Məsələn, biz Aya baxdığımız vaxt, onun klassik olaraq hesablanmış orbitində olmasını gözlədiyimiz yerdə taparıq. Əlbəttə ki, biz ona baxmasaq da, zaman-məkan anlayışı çərçivəsində Ayın mütləq orada olduğunu zehnimizdə canlandırarıq. Kvant fizikası isə buna xeyr cavabını verir. Biz Aya baxmadığımız vaxt, hər nə qədər cüzi miqdarda da olsa, onun dalğaları yayılar. Biz ona baxdığımız vaxtsa, dalğa dərhal yox olar və dalğa artıq zaman-məkan anlayışı çərçivəsində olmaz. İdealist bir metafizik fərziyyəni ifadə etmək məsələni daha da aydınlaşdıracaq: Əgər ona baxan şüurlu bir insan yoxdursa, zaman-məkan anlayışı içində heç bir obyekt yoxdur.(17)

Əlbəttə ki, bu bizim qavraya biləcəyimiz çərçivədədir. Əlbəttə ki, xarici aləmdə bir Ay olduğu aydındır. Lakin biz baxdığımız vaxt, ancaq Ayın öz dünyamızdakı mövcudluğuyla qarşılaşarıq.

Kaliforniya Universitetindən nevrologiya və psixiatriya professoru Jeffrey M. Schwartz isə, kvant fizikasının göstərdiyi bu həqiqətlə əlaqədar “The mind and the brain” (zehin və beyin) kitabında bu sətirlərə yer vermişdir:

Kvant fizikasındakı müşahidəni qüvvətli şəkildə ifadə etmək olmur. Klassik fizikada (Nyuton fizikası) müşahidə edilən sistemlər, onu müşahidə edən və araşdıran bir şüur sahibindən müstəqil şəkildə mövcudluğa malikdir. Lakin kvant fizikasında, yalnız müşahidə nəticəsində fiziki bir kəmiyyətin həqiqi bir qiyməti olur.(18)

Jeffrey M. Schwartz, müxtəlif fiziklərin mövzuyla əlaqədar söylədiklərini belə yekunlaşdırmışdır:

Jacob Bronowskinin "the ascent of man" kitabında ifadə etdiyi kimi: "Fizika elmlərinin məqsədlərindən biri, maddi dünyanın tam görünüşünü vermək idi. 20-ci əsrdə fizikadakı ən böyük müvəffəqiyyətlərdən biri isə, bu məqsədin imkansız olduğunu sübut etmək oldu".

Heyzenberqə görə isə, obyektiv həqiqət "buxar olub uçmuşdur". 1958-ci ildə bunları etiraf etmişdir: "Kvant nəzəriyyəsində riyazi olaraq düstur ifadə etdiyimiz təbiət qanunları, artıq doğrudan da zərrəciklərlə deyil, zərrəciklər haqqındakı məlumatımızla əlaqədardır".

Bor isə: "Fizikanın vəzifəsinin, təbiətin necə olduğunu araşdırmaq olduğunu düşünmək yanlışdır. Fizika, təbiət haqqında bizim nə söyləyəcəyimizlə əlaqədardır" demişdir.(19)

Ölkəmizdə də (Türkiyədə) yayımlanan "what the bleep do we know" (nə bilirik ki?) sənədli filmindəki qonaq fiziklərdən Fred Alan Wolf isə bu həqiqəti belə dilə gətirmişdir:

Obyektləri meydana gətirənlər, daha çox obyektlər deyildir. Obyektləri meydana gətirənlər fikirlər, anlayışlar və bilikdir.(20)

80 il mövcudluğunu davam etdirən insan zəkasının edə biləcəyi ən maraqlı və həssas təcrübələrdən sonra, qəti və elmi cəhətdən sübut edilən kvant fizikasına qarşı heç bir əks fikir yoxdur. Aparılan təcrübələr nəticəsində də əks bir fikrlə qarşılaşılmamışdır. Kvant nəzəriyyəsinin müddəaları, yüzlərlə müxtəlif istiqamətdən aparılması mümkün olan sınaqlardan keçirilmiş və elm adamlarının apardığı hər cür testdən keçmişdir.(21) Bir çox elm adamına nobel mükafatı qazandırmışdır və hələ də qazandırır. Qeyd-şərtsiz tək həqiqət kimi qəbul edilmiş Nyuton fizikasının gətirdiyi ən təməl anlayışı, mütləq maddə anlayışını yox etmişdir. Keçmiş fiziki qanunların tərəfdarları, maddənin tək və həqiqi varlıq olduğuna inanan materialistlər, kvant fizikasının gətirdiyi "maddəsizlik" həqiqəti qarşısında sözün əsil mənasında tərəddüd ediblər. Artıq bütün fizika qanunlarını metafizik çərçivədə axtarmaq məcburiyyətindədirlər. Bu böyük şok, 20-ci əsrin əvvəllərində materialistlərdə, hal-hazırda bu sətirlərdə tərif edilə bilməyəcək qədər böyük təəccüb oyatmışdır. Kvant fiziki Bryce Dewitt və Neil Graham bu vəziyyəti belə təsvir edirlər:

Müasir elmdəki heç bir kəşf, insan düşüncəsində kvant nəzəriyyəsinin kəşfindən daha dərin iz qoya bilməmişdi. Əsrlər boyu meydana gələn düşüncə qəliblərindən əziyyət çəkən bir nəsil əvvəlki fiziklər, indi yeni bir metafizik düşüncəni qəbul etmək məcburiyyətində qaldılar. Bu yeni istiqamətlənmənin gətirdiyi çətinlik dövrümüzədək davam etdi. Fiziklər əsasən ciddi bir itkiylə üzləşdilər: Həqiqətə olan inamları.(22)


Elektronların Dalğa Xüsusiyyəti və Bunun Elmi Sübutu

Atomaltı zərrəciklərin bəhs olunan maraqlı xüsusiyyətini göstərən ən əhəmiyyətli təcrübə, yunq təcrübəsidir. Bu təcrübə, işığın və elektronun dalğa kimi davrandığını, ikisinin də eyni ölçüdə qəribə xüsusiyyət göstərdiyini görmək üçün aparılmışdır. Burada mövzunu daha yaxşı başa düşə bilmək üçün təcrübənin, elektron əvəzinə qum dənəcikləri ilə aparıldığı fərz edilmişdir.

Böyük bir zərrəcik mənbəyini, məsələn bir qumüfürəni bir divarın qarşısına gətirək. Divarda iki yarıq olsun. Divarın digər tərəfində isə, bu iki yarıqdan keçən zərrəcikləri izləyən bir ekran olsun. Zərrəciklər, mənbədən buraxılar, yarıq boyu hərəkət edər və ekrana dəyərlər. Bir çox zərrəciyin yarıqlardan keçməsini və ekrana dəyməsini seyr etdikdən sonra, ekran üzərində iki yığın halında nöqtəciklər meydana gəldiyini görərik. Birinci yığın, ilk yarıqdan gələn zərrəciklər, digər yığın isə, o biri yarıqdan gələnlərdir. Hadisə gözlədiyimiz kimi gerçəkləşmişdir.

İndi təcrübəni fərqli şəkildə apardığımızı düşünək. Bəhs etdiyimiz təcrübə mühitini müəyyən maddə ilə dolduraq, məsələn, suyla. Qum dənəcikləri əvəzinə bir titrəşmə cihazından istifadə edək. Bu cihaz mühiti hərəkətə gətirsin və daimi şəkildə bütün istiqamətlərə doğru su dalğaları meydana gətirsin. Dalğalar, zərrəciklər kimi müəyyən sahə içində məhdudlaşmamışdır. Mühitin hər yerinə yayıla bilər. Nəticə etibarilə, eyni anda hər iki yarıqdan da keçən dalğalar tək bir mühit içində yayılar, bir-birləriylə qarşılaşar və bir-birlərinin hərəkətinə maneə törədərlər. Bir dalğanın təpə nöqtəsi digəri ilə qarşılaşdıqda, bir-birlərinin təsirini yox edərlər. Dalğanın yaratdığı təsir yox olar və geridə su səthində meydana gələn düz səth qalar. Bu, dalğaların ən əsas xüsusiyyətidir.

Təcrübə elektronlar üzərində aparıldıqda, qum dənəciklərində olduğu kimi böyük miqdarda atom yığınının ekrana dəyməsi əvəzinə, elektronların bir-birlərini mane olduqları müşahidə edilmişdir. Digər bir sözlə, zərrəcik kimi qəbul edilən elektronlar üçün gözlənilən şey baş verməmişdir. Dolayısilə, elektronlar mane olma xüsusiyyəti göstərdiklərindən dalğa xüsusiyyəti daşımalı, zərrəcik olmamalıdırlar. Lakin elektronlar dalğa da ola bilməzlər, çünki eynilə zərrəciklər kimi, ekrana fasilələrlə yığınlar halında dəyirlər. Belə olan halda, müşahidələrimiz, elektronların qaynaqdan çıxdıqları və ekrana çatdıqları vaxt zərrəcik olduqları, lakin bunun arasındakı hər yerdə dalğa olmalarıdır. Bu həqiqətən də çox qəribədir.(23)

Bu təcrübi sübut, materializmi yox etmişdir. Materializmə görə hər zərrəcik, mütləq kosmosda müəyyən yerdə obyektiv mövcudluğa malikdir. Yenə materializmə görə, bir elektron bir aralıq boyunca tək bir yolla hərəkət etməlidir və istiqaməti bilinməyən dalğa kimi iki aralıq arasında hərəkət etməməlidir. Lakin materialistlərin gözlədikləri baş tutmamışdır.

Burada bəhs etdiyimiz dalğa, suda meydana gələn dalğa kimi fiziki məna daşımır. Buradakı dalğa, elektron dalğalarıdır. Bu dalğalar, bizim fiziki dünyamızdakı üç ölçülü mühitdə yoxdurlar.

Bəhs etdiyimiz kimi dalğa anlayışını tanınmış fizik Fred Alan Wolf belə ifadə edir:

Kvant fizikləri bir hadisənin baş vermə ehtimalını müəyyənləşdirdikləri vaxt, bir ədəd müəyyənləşdirirlər. Bu ədəd, kvant dalğa funksiyaları adlandırılan iki riyazi funksiyasının hasilindən ortaya çıxar... Bu dalğa funksiyaları zaman və məkan içində hərəkət edən həqiqi bir dalğa kimi fərz edilərlər. Lakin əslində bunlar həqiqi dalğa deyildirlər, tamamilə xəyalidirlər. Bunlar, maqnetik sahə və ya cazibə sahəsi kimi bir sahə deyildirlər. Bunları ölçmək olmaz. Kütlələri və ya enerjiləri yoxdur. Bunlar yalnız bizim zehnimizdə və təxəyyülümüzdə mövcud olarlar. Yəni, müşahidə etdiyimiz həqiqi maddi varlıqlar kimi varlıqları yoxdur...

Zaman halqalarını idarə edən dinamika qanunları, bizə aid bir hekayəni əmələ gətirərlər. Digər bir sözlə, bir zaman halqası yarandıqda, şüurlu və ya şüursuz şəkildə "xarici aləmdə"ymiş kimi irəli sürdüyümüz, həm öz zehnimizdə, həm də obyektiv surətdə bölüşdüyümüzə inandığımız reallıqda meydana gəlir.(24)

Fred Alan Wolfa görə, elektronlarla əlaqədar konkret və elmi həqiqət, onların bildiyimiz fiziki və ya riyazi anlayışlar çərçivəsində dərk edilməsinin mümkünsüz olmasıdır. Lakin biz onsuz da xaricdəki reallıqla heç vaxt təmasda ola bilmərik. Öz hisslərimizdən kənara çıxaraq xarici aləmin əslinə çatmağımız qeyri-mümkündür.

Yunq təcrübəsi, bütün atomaltı zərrəciklər vasitəsilə sınaqdan keçirilə bilər. Lakin nəticə həmişə eyni olacaq. Çünki kvant mexanizmi, bütün kainata hakimdir. Milyonlarla atom birləşib böyük bir obyekti və ya bir insanı meydana gətirdikdə, bəhs olunan maneə törədici təsirin müşahidə edilmə ehtimalı da azalır. Lakin bu, kvant mexanikasının artıq etibarsız olması demək deyil. Sadəcə artıq bu əməliyyatı müşahidə etmək mümkün deyil. Dolayısilə, bu həqiqət bütün maddələr üçün etibarlıdır. Vaşinqton Universitetindən riyaziyyatçı Tomas McFarlaneyə görə kvant mekanikasında, gündəlik həyatımızda qarşımıza çıxan böyük obyektlər də əslində obyektiv şəkildə mövcud olan maddələr deyildirlər. Farlaneyə görə, obyektiv şəkildə mövcud olan dünyanın görünüşü, yalnız bir illüziyadır.(25)

Kvant mexaniklərinin elmi cəhətdən sübut etdikləri şey, obyektiv dünyanın sıxlaşdırılmış bir dalğa formasında mövcud olmasıdır. Kvant mexanizmi ilə maraqlananların fikrinə əsasən, insanı aldadan ən böyük problem isə bizim hisslərimizlə mövcud olan dünyada, gerçəkliyi olduqca inandırıcı olan incəlik, dəqiqlik və konrektliyin olmasıdır. Halbuki xarici aləm bizə heç vaxt çatmır. Biz xarici aləmdəki gerçəkliyi, xarici aləmdə mövcud olan maddi aləmin əslini heç vaxt görə bilmərik. Bizim zehnimizdə yaranan bir dünya var və bizim hisslərimizlə mövcud olmasına baxmayaraq, bu dünya mükəmməl konkretliklə meydana gəlir. Gündəlik həyatımız, xarici aləmdə mövcud olan gerçəkliklə olduqca ziddiyyətli görünüş təqdim edir. Bu vəziyyətdə qarşımıza: “Fiziki reallıqlar, yoxsa bizə doğru və konkret görünənlər mi doğru qəbul edilməli edilməlidir?” sualı çıxır. Tomas J. McFarlane, bu suala belə bir müqayisə ilə cavab tapılacağını bildirir.

McFarlaneyə görə dövrümüzün elm adamlarının, bu cavabı tapmaq üçün bundan 300 il əvvələ qayıdıb, yer kürəsinin düz olduğuna inanan insanlarla qarşılaşdıqlarını düşünə bilərik. Alimlər, onların səhvini düzəltmək üçün onlara nəzakətlə səhv düşündüklərini, Yerin əslində kürə formalı olduğunu söyləyərlər. Onlar isə ehtimal ki, elm adamlarından niyə belə ağılsız bir düşüncəyə qapıldıqlarını soruşarlar. Elm adamları isə onlara, o dövrdəki şərait və elm çərçivəsində öz tezislərini sübut edəcək tək bir dəlil belə gətirə bilməzlər. Lakin onlar dövrümüzün insanlarına, bütün təcrübələrinə əsaslanaraq və bununla əlaqədar dəlillər gətirərək Yerin düz olduğunu imkanları çərçivəsində açıqlayarlar. Üstəlik, yer səthində ölçmə işləri aparmaq və yol xəritələri hazırlamaq üçün müstəvi həndəsəsi anlayışından istifadə edər və gündəlik həyatlarında bununla ziddiyyət təşkil edən heç nə tapmazlar. Eynilə, geniş bir əraziyə və ya dənizə baxdıqları vaxt da heç bir əyrilik görmədiklərini söyləyər və Yerin kürə formalı olduğunu sübut edən heç bir dəlil tapılmadığını iddia edərlər. Bu vəziyyətdə: "Dünya kürə formalıdır" iddiası yalan kimi qalar. Elm adamları, heç nə sübut edə bilməmiş şəkildə, zaman maşınlarına minib və dövrümüzə qayıdarlar.(26)

McFarlaneyə görə, dostlarımızı Yerin kürə formalı olduğuna inandıra bilməməyimizin səbəbi, əlbəttə ki, özümüzü Yer kürəsiylə müqayisə etdikdə çox kiçik olmağımızdır. Təcrübəmiz kiçik bir ərazidə baş tutduğu üçün Yer kürəsi, əslində belə olmadığı halda, düz kimi görünür. Digər bir sözlə, Yerin görünən hamarlığı əslində həqiqi hamarlıq deyil, çünki Yer düz deyil. Lakin Yer kürəsi böyük olduğu üçün bu aldadan düzlükdür. Yerin kürə formalı olduğunu sübut etmək üçün, gündəlik təcrübələrimizdən kənara çıxmalıyıq. Məsələn, bir təyyarə ilə Yerin ətrafında uça bilər və ya kosmik gəmi ilə kosmosa çıxa bilərik. Lakin gündəlik təcrübələrimizlə kifayətləndiyimizdə, düzlüyün bir illüziya olduğuna dair heç bir sübutumuz olmaz. Eynilə, Yerin düz olduğuna inanmamaq üçün bir səbəbimiz də yoxdur. McFarlane, verdiyi bu nümunədən sonra sözlərinə belə davam edir:

Əgər insanlar keçmişdə həqiqət barəsində bu qədər aldanıblarsa, biz hal-hazırda aldanmadığımızı haradan bilərik? Gördüyünüz kimi, bizim indiki həqiqi fikrimizin gündəlik təcrübələrimizin nəticələriylə üst-üstə düşməsi, bunların həqiqət olduğu mənasını verməz. Bizim təcrübələrimizin bir sərhəddi olduğu üçün, bəlkə də, dünyanın obyektiv olduğu fikirimiz həqiqətən də bir illüziyadır. Eynilə düz dünya fikrinin bir illüziya olması kimi.(27)


Maddənin Mütləq Olduğu Iddiası, Materializmlə Birlikdə Yox Oldu

Kvant mexanikası bizə bu nəticəni göstərdi: Maddə, materialistlərin iddia etdikləri kimi mütləq və sonsuz deyil. Maddə əzəli və ya əbədi olmadığı kimi, ətrafımızda gördüyümüz varlıqlar da yalnız bir atom yığını deyildirlər. Kvant fizikasına görə maddə, materialistlərin heç düşünmədikləri ölçülər çərçivəsində xüsusiyyət dəyişdirmiş və maddənin təməlinin yalnız bir enerji forması olduğu elmi cəhətdən sübut edilmişdir. Materializm, kvant fizikasının göstərdiyi həqiqətlərlə elmi mənada qəti şəkildə tənəzzül etmişdir.

Paul Davies və John Gribbin, yeni fizikanın materializmi tamamilə yox etdiyi həqiqətini belə yekunlaşdırır:

Materializmin həyat mənbəyi fizika elminin, eyni zamanda materializmin ölümü üçün siqnal olduğunu söyləmək doğrudur. 20-ci əsr boyu yeni fizika, bir sıra təəccüb oyandıran kəfşlərlə materialist doktrinanın təməllərini yox etdi. Əvvəlcə, Nyutonun məkan və zaman mövzusundakı təxminlərini yox edən nisbilik nəzəriyyəsi ortaya çıxdı... və daha sonra kvant nəzəriyyəsi ortaya çıxdı və bizim maddə görünüşümüzü tamamilə dəyişdirdi.(28)

Fizik Fred Alan Wolf isə, materializmi artıq elm adamlarının da tərk etdiyini belə xəbər verir:

Əksər elm adamı da daxil olmaqla böyük əksəriyyətimiz, yeni obyektiv materializmi qəbul etmirik. Qəlbimizin dərinliklərində bizdən əvvəlki kimyaçıların etdikləri kimi, bütün kainatdan məsul olan şeyin, materializmdən olduqca zəngin olduğuna inanırıq.(29)

Materializmin süqutunun gətirdiyi nəticə nədir? İnsanların böyük hissəsini aldadan, onları Allahın varlığına inanmalarına imkan verməyən ən böyük səbəblərdən biri maddənin yeganə mütləq varlıq olduğuna dair qəti qənaətləridir. Xarici aləmi, qəbul etdikləri hisslər toplusu kimi qəbul etmək əvəzinə, gördükləri hər şeyin əsli ilə təmasdaymış kimi davranarlar. Materializmin irəli sürdüyü maddənin yaranmasındakı məqsədsizliyi, özlərinə də tətbiq edər, eləcə də, dünyaya gəlmə və dünyada mövcud olma məqsədlərinin olmadığını zənn edərlər. Allahın varlığının dəlillərini görə bilməz və inana bilmək üçün Allahın da (Allahı tənzih edirik) maddi varlıq kimi özlərinə görünməsini gözləyərlər. Varlıqların yaradılmadıqlarına inanar və dolayısilə bir Yaradıcının varlığını əsla qəbul etmək istəməzlər.

Məhz materializm bəhanəsinə sığınılaraq, əslində Allahın mütləq varlığı və bütün şeyləri yaratdığı həqiqətləri inkar edilməyə çalışılır. Materializmin süqutu, bu bəhanəni qəti şəkildə ortadan qaldırmış, Allahın mütləq varlığı həqiqətini bütün dəlilləriylə göstərmişdir.

Delaver Universiteti Bartol Araşdırma İnstitutundan zərrəciklər fiziki Stephen M. Barr, bu həqiqəti bu sözlərlə ifadə edir:

Elm bizi belə bir macəraya sürüklədi. Silahlarla deyil, teleskoplarla və zərrəcik sürətləndiriciləriylə təchiz olunmuş və mürəkkəb riyaziyyatın işarələri və simvollarıyla danışan elm, bizə, çox fərqli sahilləri və bizə olduqca yad olan fantastik yerləri gətirdi. Kainatı araşdırmağa davam etdikcə, səfərin sonuna çatdıqda, artıq bir-bir bizə tanış gələn sərhəd daşlarını və ən qədim evimizin planını qavramağa başladıq. Həqiqəti tapmağa çalışdığımız bu səfər ən sonunda bizi Allaha yönəldir.(30)

Maddənin əsli ilə təmasda olunduğunu düşünmək yalnız bir zənndir. Hisslərimizlə qavraya bildiyimiz bu dünyada, buna dair heç bir dəlil yoxdur. Biz, yalnız öz hisslərimizdə mövcud olan dünyanı görə bilər və eşidə bilərik. Xarici aləmdəki maddi dünyanın əslinə çatmağımızsa qeyri-mümkündür. Kainat əzəli və əbədi deyil, başlanğıcı və sonu var. Kainatın heç bir nöqtəsində, materialistlərin iddia etdiyi kimi "məqsədsizlik" yoxdur. Bütün kainat və bunun içindəki hər varlıq, bir məqsəd üçün yaradılmışdır. Bunların hamısının göstərdiyi tək bir nəticə var: Kainatın hər nöqtəsində yaradılış hakimdir. Yaradılan əsərlərsə, olduqca üstün bir gücün, bir Yaradıcının varlığını göstərər. Bu Yaradıcı, bütün aləmləri əhatə edən Uca Allahdır.

Materialistlərin bu həqiqətə qarşı apardıqları mübarizə artıq heç bir məna kəsb etmir. Çünki müasir fizika elmi, onları söylədiklərinin tam əksi olan nəticələr vermişdir.

Allah ayələrində belə bildirir:

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.
Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Əgər etsəydik, belə edərdik.
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun beynini darmadağın edər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!
Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar.
(Ənbiya surəsi, 16-19)


 << Geri 


Məqalələr

Veb saytlar